Pankreas xərçəngi

Pankreas xərçəngi

Ümumi məlumat
Pankreas (mədəaltı vəzi) mədənin arxa tərəfində yerləşən, həm həzm üçün lazımlı olan fermentləri nazik bağırsaqların ilk hissəsi olan onikibarmaq bağırsağa hasil edən, həm də qan şəkərinin tənzim olunması üçün gərəkli olan hormonların sintez edən bir orqandır.
Mədəaltı vəzini təşkil edən hüceyrələrin normal sərhədlər daxilində olan funksiyalarını itirərək, nizamsız bir şəkildə bölünüb bir şiş halını almasına pankreas xərçəngi adı verilir.

Risk faktorları
 Siqaret çəkmənin pankreas xərçənginin əmələ gəlməsi üçün bir risk faktoru olduğu bilinir. Bundan başqa məişət şəraiti, genetik faktor və bəzi mutasiyaların xəstəliyin yaranması üçün zəmin yaratdığı sübut edilmişdir. Xəstəliyə piylənmənin də təsir etdiyi haqqında təcrübələr aparılmışdır.

Simptomlar
Xəstəlik çox zaman şübhəli simptomlar ilə başlayır. Qarnın üst hissəsində mədə nahiyyəsində şişkinlik, rahatsızlıq hissi, iştahasızlıq ilkin zamanlarda xəstələrin demək olar ki hamısında ümumi əlamətdir. Ancaq bu simptomlar adi bir mədə şikayətləri kimi görüldüyü üçün xəstəliyin erkən aşkar olunması ehtimalı çox azdır.
Bəzi hallarda anidən ortaya çıxan şəkər xəstəliyi, pankreas xərçənginin erkən simptomu ola bilər. Ailəsində şəkər xəstəliyi olmayan xəstələrdə bele bir halın ortaya çıxması diqqət çəkici olaraq qiymətləndirilir.
Öd daşı və ya spirtli içki qəbulu kimi bir faktor yox ikən keçirilən pankreatit də mədəaltı vəzi xərçənginin ilk simptomu ola bilər. Xəstəliyin inkişaf dövründə şiddətli qarın və bel ağrısı, sarılıq, çəki itirmə, qarında şişkinlik kimi simptomlar ortaya çıxır. Çox heyif ki, bu simptomlar eyni zamanda xəstəliyin sağalma şansının olmadığının göstəricisi kimi də qəbul edilir.

Diaqnostika
Pankreas xərçənginin diaqnostikasında həkiminiz tibbi hekayənizi öyrənərək fiziki müayinənizi aparacaq. Diaqnozun dəqiqləşdirilərək xəstəliyin hansı mərhələdə olduğunu öyrənmək üçün qan analizləri və instrumental müayinələr vacibdir.
Xəstənin qan analizlərində CA 19-9CEA kimi onkomarkerlər çox zaman yüksək səviyyədə olur. Öd yollarını tutulması olan xəstələrdə isə eyni zamanda qanda bilirubin göstəriciləri və qaraciyər fermentləri də artır.
İnstrumental müayinələrə isə ultrasəs müayinəsi (USM), kompyuter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafasiyası (MRT) aiddir. Bu müayinələrlə xəstəlik çox zaman dəqiqləşdirilə bilir. Ağır sarılığı olan xəstələrdə müalicəyə hazırlıq aparılan zaman öd yollarına stend qoyulması da gərəkli ola bilər.

Müalicə üsulları
 Mədəaltı vəzi xərçəngində müalicə ilk öncə şişin cərrahi olaraq çıxarılmasıdır. Əməliyyatdan sonrakı dövrdə demək olar ki, xəstələrin hamısına kimyəvi terapiya və şüa terapiyası aparılır. Şişlərin cərrahi olaraq çıxarılması mümkün olmayan hallarda isə kimyəvi-şüa terapiyası vasitəsilə şişin ölçülərinin kiçildilərək əməliyyat olunacaq ölçüyə çatdırmaq şansı mövcuddur (neoadjuvant).
Xəstəliyin qaraciyər kimi uzaq orqanlara metastazların olduğu hallarda isə müalicənin təməlini kimyəvi terapiya tutur.
Mədəaltı vəzi orqan olaraq qarnın arxa divarında, bir çox qan və limfa damarının axın yolunun üzərində yerləşir. Bu səbəbdən də müalicədən sonra xəstəliyin residivvermə ehtimalı yüksək olur. Müalicə olunan xəstələrin ortalama olaraq 3 il ərzində yenidən bu xəstəlik ilə qarşılaşması mümkündür. Uzun müddətli remissiyanın əldə olunması daha təsirli kimyəvi preparatların tapılması və istifadəsi ilə mümkün olacaq.

Mədəaltı vəzi xərçəngindən qorunm yolları
  • Siqaret və spirtli içki kimi xərçəngə səbəb olan maddələrdən uzaq olmaq
  • Sağlam qidalanma
  • Artıq çəkidən qurtulmaq
  • Diabet varsa diqqətli olmaq
  • Ailədə çərçəng xəstəsi varsa müntəzəm olaraq yoxlanmaq.