Yoğun bağırsaq xərçəngi bilmədiklərimiz

Yoğun bağırsaq xərçəngi bilmədiklərimiz

Yoğun bağırsaq xərçəngi haqqında nə bilirik?

Yoğun bağırsaq xərçəngi nədir?

Yoğun bağırsaq xərçəngi bir çox xərçəng xəstəlikləri kimi geniş yayılmış xəstəliklərdəndir. Qərbin inkişaf etmiş ölkələrində də Yoğun bağırsaq xərçəngi tez rastgəlinən xəstəlikdir və xərçəng ölümlərinin böyük əksəriyyətini təşkil edir. Bu statistik məlumatlar qorxunc səslənsə də unutmayaq ki, xəstəlik ilk dövrlərdə müalicə olunarsa, xəstəlikdən azad olma şansı böyükdür.
Yoğun bağırsaq xərçənginin əlamətləri
Xərçəng xəstəliyinin əlamətləri bağırsağın hansı hissəsindən yerləşməsindən və xərçəngin mərhələsindən aslı olaraq müxtəliflik göstərir. Qarın ağrısı, böyük tualet (defekasiya) vərdişlərində dəyişiklik, defekasiyadan sonra tam boşalamama hissi (xüsusi ilə düz bağırsaq xərçəngində), qəbzlik və ya ishal, nəcis üzərində selik və ya qanın olması, anemiya (qan azlığı), bədən çəkisində azalmanı bağırsaq xərçənginin əlamətlərinə misal göstərmək olar. Bu əlamətlərin olması xərçəngin olmasına işarə deyildir. Lakin bu şikəyatlər yaranan zaman mütləq həkimə müraciət etmək lazımdır.

Kimlər risk altındadır?
Ailəsində yoğun bağırsaq xərçəng xəstəliyi olanlar
İltihabi bağırsaq xəstəlikləri olanlar
Ət və yağlı yeməklərlə çoxlu qidalanan, lifli yeməklərdən az istifadə edənlər
Siqaret və spirtli içkilərdən çox istifadə edənlər
Radiasiyaya (şüaya) məruz qalanlar və s.

Skrininq
Skrininq proqramları - müəyyən yaş üzərində və ya ailədə genetik riskli fərdlərin müayinələrdən keçməsidir. Bu müayinələr nəticəsində xəstəliyi ilk dövrlərdə təyin etmək və müalicələrində müvəffəqiyyət əldə etmək olar. Yoğun bağırsaq xərçəngində də belə proqramlar mövcuddur. Bunlara nəcisdə gizli qan təhlili, siqmoidskopiya ve kolonoskopiya daxildir. Məsləhət görülən skrininq müayinəsi şikayət olmayan halda 50 yaşından başlanmalıdır. Şikayəti olanlarda və ya ailə fərdlərinin birində yoğun bağırsaq xərçəngi olanlarda isə müayinələr daha geniş və erkən yaşda olmalıdır.

Diaqnoz
Xərçəng hansı orqan və sistemlərdə yerləşməsindən aslı olmayaraq, diaqnoz histoloji olaraq müəyyənləşdirilir. Yoğun bağırsaq xərçəngində də diaqnoz kolonoskopi sırasında şübhəli toxumalardan alınan biyopsi nəticəsində qoyulur.

Müalicə və nəticələri
Yoğun bağırsaq xərçənginin müalicəsi xəstəliyin yerləşməsindən və dövründən aslı olaraq cərrahi, kemoterapiya və şüa terapiyası ilə aparılır. İlkin mərhələdə müalicəsi əsasən cərrahi olmaqdadır. Nəticələr daha çox xəstəliyin hansı mərhələsində aşkar olmasından aslıdır. Əgər xəstəliyə ilk dövrlərdə rast gəlinibsə, 5 illik sağ yaşama 80% üzərindədir.

Hər bir xəstəlikdə olduğu kimi yoğun bağırsaq xərçəngini vaxtında aşkarlayıb, müalicəyə başlanması vacibdir. Vaxtında başlanılan müalicənin həm nəticələri, həm də müalicə xərcləri baxımından effektiv olur. Odur ki, hər hansı bir yuxarıda sadalanan şikayətlərin olması vəziyyətində həkimə müraciət edin!