Mədə xərçəngi
Mədə xərçəngində vaxtında diaqnozun qoyulmasının xeyri nədir?Son zamanlar əhali arasında çox yayılan mədə xərçəngi, mədə xorası və qastrit kimi xəstəliklərlə oxşar simptomlara malik olduğu üçün vaxtında diaqnozu qoymaq çox çətin olur. Diaqnozun gec qoyulması isə müalicənin uğuruna ciddi dərəcədə təsir edir. Bundan başqa bu durumda situasiyanın ağırlıq dərəcəsini xəstələrin qeyri-adekvat qiymətləndirməsi də müalicə effektinə əlavə çətinliklər törədir. Bir çox adamlar mədədə köp, eləcə də qıcqırma kimi hisslər zamanı həkimə müraciət etmədən ətrafındakı adamlardan eşitdikləri antiasid tərkibli preparatlar istifadə edirlər. Bu isə mədə xərçəngi diaqnozunun qoyulmasını gecikdirir. Lakin Yaponiya kimi hisə verilmiş et və çiy balıq yeyən inkişaf etmiş ölkələrdə bu cür xərçəng endoskopik profilaktik baxışlar zamanı erkən mərhələsində tapılmış olur. Beləliklə, planlı müalicə ilə bir çox xəstə xərçəng xəstəliyi ağırlaşmamış tam müalicə olunaraq əvvəlki yaşayış tərzinə geri qayıda bilirlər. Yəni, deyilənlərdən vacib olan odur ki, digər xərçəng növləri kimi mədə xərçəngi də vaxtında diaqnozun qoyulması nəticəsində rahatlıqla sağala bilən bir xəstəlikdir.
Mədə xərçəngindən qorunmaq üçün nə etmək lazımdır?
Mədə xərçəngindən qorunmaq üçün sağlam və rejimli qidalanma çox vacibdir. C vitamini ilə zəngin qidalar, sarımsaq və yaşıl çay kimi məhsullarla qidalananlarda mədə xərçəngi riskinin az olmasını unutmamalıyıq. Bunun əksinə isə, qarnında ağrı, mədəsində yanma, qıcqırma və ürəkbulanma olan, eləcə də çəki itirən şəxslər tez bir zamanda həkim-mütəxəssislə məsləhətləşməlidir.
Mədə xərçəngi diaqnozu necə qoyulur?
Mədə xərçəngi diaqnozu endoskopiya, ultrasəs müayinəsi (USM), kompyuter tomoqrafiya (KT), maqnit-rezonans tomoqrafiya (MRT) kimi müayinə üsulları ilə tez bir zamanda qoyulur. Endoskopiya üsulu yalnız diaqnostika məqsədi ilə deyil, müasir zamanda həm də müalicə üçün də istifadə olunur. Xüsusən də, müalicəsi laparoskopik olan xəstələrin əməliyyatları əsnasında əsasən endoskopiyadan istifadə olunur.
Mədə xərçənginin müalicəsi necə planlaşdırılır?
Mədə xərçənginin müalicəsində cərrahi, kimyəvi terapiya və şüa terapiyası həm ayrılıqda həm də kompleks şəkildə istifadə oluna bilər. Bu taktikada vacib olan məqam mədə xərçənginin növü, mərhələsi eləcə də müalicəsi üçün planlanan cərrahi əməliyyatın düzgün seçilməsidir.
Xərçəng hüceyrələri mədə divarının müxtəlif qatlarından əmələ gələ bilsə də, əsasən daxili qatından yarnır. Erkən aşkar olunan xərçəngdə cərrahi müalicənin müvəffəqiyyətli olma ehtimalı kifayət qədər yüksəkdir. Lakin müasir zamanda cərrahi əməliyyatın özü də açıqla münasibətdə daha çox laparoskopik üsulla tərcih olunur. Şiş kütlələri laparoskopik üsulla daha asan və obyektiv tapılaraq ətraf toxumalardan rahatlıqla ayrıla bilir.
Laparoskopik cərrahiyənin özəllikləri nədir?
- əməliyyat çapığı daha az olur
- əmək qabiliyyəti daha qısa zamanda geri dönür
- əməliyyat kiçik dəliklərdən aparıldığı üçün sonrakı dövrdə ağrılar da daha az olur
- Əməliyyatdan sonra xəstə ayağa qalxa və rahat hərəkət edə bilir.